Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva humanitar sahədə fəaliyyətinə görə “Birliyin ulduzları” dövlətlərarası mükafatına layiq görülüb. Bu barədə MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun rəsmi saytında məlumat verilir.
Laureatlara mükafatın təntənəli təqdimetmə mərasimi aprelin 13-də Moskvada Rusiya Dövlət Kitabxanasının Paşkov Evində keçiriləcək.
Bu il mükafatın laureatları arasında Bakulev adına Ürək-Damar Cərarhiyyəsi Elmi Mərkəzinin rəhbəri Leo Bokereya, Qırğızıstanın mədəniyyət və idman naziri İbrahim Cunusov, Qazaxıstanın Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru Seit Kaskabasov və başqaları var.
“Birliyin ulduzları” mükafatı MDB-nin iştirakçısı olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunub. Mükafat hər il elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahəsində MDB ölkələri arasında humanitar əməkdaşlığa böyük töhfə vermiş şəxslərə təqdim olunur.