Bakıda “Rusiyanın Tarixi” ili ilə əlaqədar yuxarı sinif şagirdləri arasında Rusiyanın tarixi üzrə Olimpiada keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) məlumat verilib.
Olimpiadada Rusiya tarixinin - Rusiya dövlət quruluşunun yaradılmasının 1150 illiyinə, Polşa müdaxiləsindən azad olmasının 400 illiyinə, 1812-ci il Vətən müharibəsində qələbəsinin 200 illiyinə və s. əlamətdar tarixlərinə həsr edilən “Gənc tarixçi” müsabiqəsi keçirilib. Məktəblilər bu mövzulara aid məruzələrlə çıxış ediblər. yuxarı sinif şagirdlərinin Rusiyanın tarixi və natiqlik məharəti sahəsində bilikləri mötəbər münsiflər heyəti tərəfindən qiymətləndirilir. Heyətə yazıçı, politoloq, “Azərbaycan tarixində ruslar” kitabının müəllifi Georgi Zapletin, Bakı Dövlət Universitetinin dosenti Dilarə Həsənzadə və Bakı Slavyan Universitetinin dosenti Elşən Aqasıyev daxildir.
Olimpiadada Bakı və Sumqayıt məktəblərinin 9-11-ci siniflərinin 100-dən artıq şagirdi iştirak edib.
Olimpiadanın nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırılması 2012-ci ilin iyununda Rusiya Günü qeyd edilən dövrdə təntənəli şəkildə keçiriləcək. Olimpiadanın qalibləri “Salam, Rusiya!” layihəsi çərçivəsində təşkil edilən Rusiyaya ekskursiya-tanışlıq səfərinə göndərilən qrupa daxil olmaları üçün tövsiyə ediləcək.
Olimpiada “Salam, Rusiya!” layihəsi çərçivəsində Rusiyanın Azərbaycandakı səfirliyi və Rossotrudniçestvo nümayəndəliyi tərəfindən təşkil edilib və Azərbaycan Təhsil Nazirliyi, Bakı Şəhər Baş Təhsil İdarəsi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasının iştirakı ilə keçirilir.