“Azərsu”ASC Şamaxı şəhərində su təchizatı və kanalizasiya sisteminin tikintisi üzrə podratçını müəyyən edib.Bu barədə cəmiyyətin məlumatında bildirilir.
“Şamaxı şəhərində çirkab sularının təmizlənməsi və digər qurğuların tikilməsi üçün tenderin qalibi BIOWORKS Verfahrenstechnik Gmbh (Almaniya) və "T.T.S. Insaat" MMC(Azərbaycan) şirkətlər alyansı elan edilib “,- deyə məlumatda bildirilir.
İşlərin yerinə yetirilməsi üçün şirkətlər alyansı ilə müqavilə bağlanıb.
Şəhərdə su təchizatı və kanalizasiya sisteminin tikintisi üzrə işlər Dünya Bankının “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi ” çərçivəsində ayırdığı kredit vəsaitləri hesabına aparılacaq.
Xəbər verildiyi kimi 2007-ci ildə Dünya Bankı Azərbaycana ölkə regionlarının və paytaxtın su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması məqsədi ilə $230 mln. məbləğində birinci krediti təqdim edib. Bu layihənin reallaşdırılması üçün $80 mln. məbləğində vəsait Azərbaycan Hökuməti tərəfindən ayrlır.
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Ötən dövr ərzində Dünya Bankı Azərbaycana 44 layihənin reallaşması üçün $3 mlrd. məbləğində kredit verilməsini təsdiq edib. Bankın respublikada 20 layihə üzrə cari portfeli $2,3 mlrd. təşkil edir.