Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti aprelin 14 və 17-də sığorta agenti və sığorta bazarının peşəkar iştirakçılarının rəhbər işçiləri kimi fəaliyyət göstərmək üçün lisenziya almaqda maraqlı olan şəxslərin attestasiyası üçün növbəti imtahan keçirəcək. Bu barədə Xidmətin saytında yerləşdirilmiş məlumatda bildirilir Bununla yanaşı, imtahanda iştirak etmək üçün sənədlərini təqdim etmiş şəxslər aprelin 13-nə qədər imtahanda öz iştiraklarını təsdiq etməlidirlər.
İmtahan sığorta, təkrar sığorta, broker şirkətlərində rəhbər vəzifələri tutmaq istəyən şəxslər, eləcə də sığorta bazarında vasitəçilik fəaliyyəti (sığorta agenti – İF) ilə məşğul olmaq istəyən şəxslər üçün keçiriləcək.
Test imtahanları “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun aparılacaq. 100 sualdan ən az 70 suala düzgün cavab verən şəxslər attestasiyadan kecəcəklər.
“Sığorta fəaliyyəti haqqında” qanunun 83.2.2 maddəsinə uyğun olaraq, sığorta agentləri fəaliyyət göstərmək üçün lisenziya almalıdırlar. Bununla yanaşı, 2009-cu il martın 15-dən ancaq lisenziyaya malik olan fiziki şəxslər agent fəaliyyəti həyata keçirirlər.