Azərbaycan Hökuməti Rusiya Hökumətinə ABS (bloklanma əleyhinə sistem) əyləc sistemi və minimum bir təhlükəsizlik yastığı olmayan Rusiya avtomobillərinin 2012 ci il mayın 1-dən respublikaya gətirilməsinin qadağan ediləcəyi barədə bildiriş göndərəcək.Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev cümə axşamı jurnalistlərə məlumat verib.
“2012-ci il may ayının 1-dən Rusiyadan Azərbaycana belə avtomobillərin idxalının qadağan edilməsi barədə qərar reallaşdırılmağa başlayacaq”,- deyə A.Əliyev bildirib.
Xəbər verildiyi kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və dövlət orqanları AZS 635-2012 standartını hazıırlayıblar. Standarta əsasən, (2,5 tondan az –İF Az) ABS əyləc sistemi və minimum bir təhlükəsizlik yastığı olmayan minik maşınlarının idxal və istehsalına icazə verilməyəcək. Standart 2012-ci il may ayının 1-dən tətbiq edilməyə başlanacaq.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəyinə görə, bu standartın tətbiqi ağır nəticələr verən yol qəzalarının azalmasına səbəb olacaq.Statistika göstərir ki, ağır nəqliyyat hadisələrinin çoxu ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərlə baş verir.