Qazax rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev 5 minə yaxın əhalisi olan 3 kəndi birləşdirən Qazaxbəyli-Aşağı Salahlı yolunun açılışında iştirak edib. Bu barədə cümə axşamı rəsmi mətbuat xəbər verir.
Dövlət başçısına məlumat verilib ki, təmir olunan Yuxarı Salahlı-Kəmərli avtomobil yolundan isə 4 kəndin 13 minə yaxın əhalisi istifadə edəcək. Burada da işlərin əsas hissəsi görülüb. Bundan başqa, İ.Əliyev Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi ilə tanış olub. 53 kilometrlik yol ən müasir standartlar səviyyəsində qurulur. Yolun üzərində bir ötürücü əsaslı şəkildə təmir olunur, iki yeni körpü tikilir.
Həmin gün İ.Əliyev Qazax rayonunda Şahmat Mərkəzinin və konserv zavodunun açılışında iştirak edib.
Məlumat verilib ki, zavodun illik məhsul istehsal gücü 21,5 min tondur. İstehsal olunacaq konserv məhsulları və dondurulan meyvələr daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Xammal bazası yerli istehsalla yanaşı, Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı bölgələrindən də tədarük olunacaq.
İ.Əliyev həmçinin inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olub. Zavodun illik istehsal gücü 1 mln. ton olacaq. Zavod istismara veriləndən sonra Azərbaycana idxal olunan sementin həcmi 30% azalacaq.