Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) cümə axşamı Bakı şəhəri və respublikanın bölgələrində əhalinin genişzolaqlı internet və digər müasir rabitə xidmətləri ilə təmin edilməsi məsələsini müzakirə edib. Bu barədə nazirlikdən məlumat verilib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən tədbirlər 2015-ci ilə qədər və sonrakı dövrdə davam etdiriləcək.
Müzakirələrdə aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirak ediblər. Tədbirdə bu işlərə özəl sektorun aktiv cəlb olunmasının vacibliyi, onlara güzəştli şərtlərlə yeni imkanların yaradılması, genişzolaqlı internet xidmətlərinin inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşdırılması istiqamətində aidiyyəti üzrə əlavə tapşırıqlar verilib.
İlkin mərhələdə ATS-lərin yerləşdiyi kənd və qəsəbələrə optik-lif kabellərin çəkilməsi və müvafiq avadanlıqlarla təchiz edilməsi işlərinin tam başa çatdırılması məqsədəuyğun sayılıb.
Digər kənd və qəsəbə yaşayış məntəqələrinin də optik kabellərlə əhatə olunması, yerli əhalinin genişzolaqlı xidmətlərlə təmin edilməsi və beləliklə, respublika üzrə “Hər evə optika” prinsipi əsasında qurulan yüksəksürətli multimedia şəbəkəsinin əsaslandırılmış layihəsinin hazırlanmasının vacibliyi bildirilib.
Bundan başqa, müzakirələrdə Bakı şəhərində əhalinin genişzolaqlı xidmətlərə tələbatının tam ödənilməsi üçün yeni texnologiyaların tətbiqinin genişləndirilməsinə dair zəruri tədbirlərin görülməsi qeyd olunub.