May ayında “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Crystal Palace” konsert zalının tikintisi başa çatıb. Bu barədə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bazar ertəsi keçirilən mətbuat konfransında məlumat verib.
“Eurovision” müsabiqəsinin keçiriləcəyi zal dünən təhvil verilib. Bu gündən etibarən tədbirə hazırlıq başlayıb”, - deyə A.Ələkbərov bildirib.
Onun sözlərinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar tikinti işləri 3 həftə gec başa çatıb.
Fondun nümayəndəsi qeyd edib ki, müsabiqə başa çatdıqdan sonra adıçəkilən konsert kompleksində digər tədbirlər keçiriləcək. "Crystal Palace" kompleksinin sökülərək istənilən başqa yerdə quraşdırılması mümkündür, amma çox ehtimal ki, kompleks elə olduğu yerdə də qalacaq. Bu zalda böyük tədbirlər, beynəlxalq festivallar və müxtəlif idman yarışları keçiriləcək, artıq bir sıra tədbirlərin keçirilməsi üçün sifarişlər daxil olub", - deyə A.Ələkbərov qeyd edib.
O həmçinin "Eurovision-2012" mahnı müsabiqəsində biletlərin spekulyativ satışının mümkünlüyünü istisna edib. "Hər bilet alıcının pasport məlumatlarına əsasən fərdi satılır və onu alıb-satmaq və ya hədiyyə etmək olmaz. Bir fiziki şəxs ən çox dörd bilet əldə edə bilər", - deyə icraçı direktor bildirib.
Bundan başqa o əlavə edib ki, "Eurovision-2012" mahnı müsabiqəsinin qonaqlarına xidmət göstərmək üçün Bakıya çoxlu sayda nəqliyyat vasitəsi gətiriləcək, nümayəndə heyətləri üçün şəhərin tarixi və mədəni yerlərinə pulsuz turlar təşkil ediləcək.