Azərbaycanda son illər ərzində 400-dən artıq səhiyyə müəssisəsi tikilib və təmir edilib. Bu barədə səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib.
“417 səhiyyə müəssisəsinin hər biri müasir tibbi avadanlıq və cihazlarla təchiz olunub. Hazırda Bakı Sağlamlıq Mərkəzinin, Respublika Uşaq Vərəm Xəstəlikləri Sanatoriyasının, Ağsu və Yevlax rayonlarında yeni xəstəxanaların tikintisi aparılır”, - deyə O.Şirəliyev bildirib.
Onun sözlərinə görə, son beş il ərzində ana və uşaq ölümünün əmsalı, xüsusilə ana ölümü iki dəfədən artıq azalıb.
Dövlətin donor qanı ilə təminat və qanın təhlükəsizliyi məsələlərinə də böyük diqqət yetirdiyini qeyd edərək, nazir məlumat verib ki, respublikada qan xidməti strukturu təkmilləşdirilir, məsi, bu xidmətdə çalışan işçilərin əməkhaqlarının iki dəfə artırılıb, ölkədə səkkiz regional qan bankı yaradılıb.
“Azərbaycanda bu gün epidemioloji sabitlik qorunur, biz bəzi yoluxucu xəstəliklərdən xilas olmuşuq, difteriya, qızılca, məxmərək və sair son bir neçə ildə qeydə alınmayıb”, - deyə O.Şirəliyev əmin edib.
O həmçinin bəyan edib ki, Uşaq Kardiocərrahiyyə Mərkəzində çox çətin kardiocərrahiyyə əməliyyatlar aparılır, respublikada orqan transplantasiyası üzrə uğurlu əməliyyatlar həyata keçirilir, ölkədə aparılan əməliyyatların sayı iki dəfə artıb, bununla yanaşı, ölüm hadisələrinin sayı həmçinin iki dəfə azalıb. Nazir vurğulayıb ki, ölkədə son 10 il ərzində reproduktivlik göstəriciləri təxminən iki dəfə arttıb və Avropada ən yüksək səviyyəyə çatıb.