2012-ci ilin I rübündə Azərbaycanın neft sektorunda ümumi daxili məhsul (ÜDM) 4,7% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2012-ci ilin I rübünün yekunları üzrə Azərbaycanda ÜDM 0,5% - 12 mlrd. 289,1 mln. manatadək artıb.
Statistik məlumatlara görə, hesabat dövründə qeyri-neft sektorunda ÜDM-in həcmi 7 mlrd. 289,5 mln. manat təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə 4,7% azalıb. ÜDM-də neft sektorunun payı 59,3% olub.
I rübdə qeyri-neft sektorunda ÜDM-in həcmi 4 mlrd. 999,6 mln. manat təşkil edib və 7,7% artıb.
DSK-nın məlumatına görə, hesabat dövründə əlavə dəyərin 61,3%-i sənaye sahələrində, 4,9%-i tikintidə, 4,5%-i nəqliyyatda, 2,4%-i kənd təsərrüfatında, 7,9%-i ticarət və pullu xidmət sahələrində, 1,6%-i rabitədə, 10,9%-i digər sahələrdə istehsal olunub. ÜDM-in strukturunda 6,5% vergilərin payına düşüb.
Yanvar-mart aylarında ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 1346,1 manata ($1 711,9) bərabər olub.
Xəbər verildiyi kimi, 2011-ci ildə Azərbaycanda ÜDM 0,1% artıb.
Azərbaycan hökuməti 2012-ci ildə ÜDM artımını 5,7% səviyyəsində proqnozlaşdırır.