Azərbaycan sənaye parklarının yaradılması məsələsində xarici ölkələrin təcrübəsinin öyrənilməsinə böyük diqqət ayırır. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən sənaye parklarına dair regional konfransda çıxışında bəyan edib.
İki günlük konfransın təşkilatçıları İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, BMT-nin Sənaye və İnkişaf Təşkilatıdır (UNIDO).
“Bu sahədə təcrübə əldə etmək nöqteyi-nəzərindən, analoji konfransların keçirilməsi böyük məna kəsb edir. Bundan başqa, bu konfransın keçirilməsi UNİDO və Azərbaycan arasında yaxçı münasibətlərin göstəricisidir”, - deyə N.Səfərov bildirib.
Nazir müavini həmçinin qeyd edib ki, konfrans çərçivəsində gələcək əməkdaşlığın, birgə fəaliyyətin əsas istiqamətləri müzakirə ediləcək.
N.Səfərov o cümlədən məlumat verib ki, hökümətin proqnozlarına əsasən, 2012-ci ildə Azərbaycanın əsas kapitalına investisiyalar $18,5 mlrd., 2012-2014-cu illərdə onların həcmi $65,1 mlrd. təşkil edəcək.
“Proqnozlara əsasən, cari ildə əsas kapitala xarici investisiyalar $5 mlrd., 2015-ci ilə qədər - $21,2 mlrd. təşkil edəcək”, - deyə o vurğulayıb.
BMT-nin Sənaye və İnkişaf Təşkilatının (UNİDO) regional proqramlar bürosunun Avropa və MDB proqramları üzrə rəhbəri Olqa Memedoviç bildirib ki, sənaye parklarının yaradılması iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsinə imkan yaradır, ümumilikdə iqtisadiyyatın artım templərinə müsbət təsir gösrərir.
“Bu cür konfranslar bu və ya digər ölkənin beynəlxalq təşkilatları və dövlət strukturlarını yaxınlaşdırır, çatışmazlıqlar və problemləri müəyyən etməyə yardım edir. Bu regionda həmçinin problemlər mövcuddur, buna görə, bu cür konfranslarda daha tez-tez görüşüb, problemlərin həll yollarını aşkar etmək, yol xəritələri hazırlamaq lazımdır”, - deyə O.Memedoviç əlavə edib.
Konfrans çərçivəsində bu sahədə bazar və institusional çatışmazlıqların aradan qaldırılması, sənaye parklarının inkişafı üçün ümumi problem və imkanların müəyyən edilməsi məqsədi ilə təşkilatlar arasında şəbəkənin yaradılması və digər vacib məsələlərin müzakirəsi aparılacaq.