Rusiya və Belarusun opera ulduzları Bakıda çıxış edəcək. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından məlumat verilib.
Aprelin 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin “Aida” tamaşası göstəriləcək. Orkestrə Belarus Milli Opera və Balet Teatrının dirijoru Vyaçeslav Voliç rəhbərlik edəcək. Amnerisin partiyası K.Stanislavski və V.Nemiroviç –Dançenko adına Moskva Dövlət Akademik Musiqili Teatrının solisti Larisa Andreyevanın ifasında səslənəcək .
L.Andreyeva bir çox beynəlxalq müsabiqələrin laureatıdır. Onun Lissabon (Portuqaliya) , Amsterdam və Rotterdam (Hollandiya) ,Tokio (Yaponiya) ,Roma (İtaliya), Helsinki (Finlandiya) və Zalsburqda (Avstriya) qastrolları böyük uğurla keçib.
Aidanın əsas partiyasını Azərbaycan Opera və Balet Teatrının gənc solisti Çinarə Şirin ifa edəcək.