Cümə günü Milli Məclis “Siyasi partiyalar haqqında” yeni qanunu və Seçki Məcəlləsinə düzəlişləri müzakirə edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə respublikanın qanunverici orqanından məlumat verilib.
“Siyasi partiyalar haqqında” qanun layihəsi və Seçki Məcəlləsinə düzəlişlər aprelin 20-nə təyin edilən Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyinə daxil edilib”, - deyə agentliyin müsahibi bildirib.
Bütovlükdə, qarşıdakı parlament iclasının gündəliyinə 24 məsələ daxil edilib. Həmçinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında", “İnformasiya əldə etmək haqqında”, “Psixiatrik yardım haqqında”, “Torpaq bazarı haqqında”, “Torpaq icarəsi haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət qulluğu haqqında” qanun layihələri və ya qüvvədə olan qanunlara dəyişiklik və əlavələr daxildir.
Cəzaların İcrası, İnzibati Prosessual, Mülki Prosessual, Meşə, Torpaq, Mülki, Vergi, Mənzil Məcəllələrinə həmçinin dəyişiklik və əlavələr daxil etmək planlaşdırılır.
Bundan başqa, parlament üzvləri 1994-cü il sentyabrın 23-də təsdiq edilən “Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında” qanunda “Hauptvaxt haqqında” 4 saylı əlavəyə dəyişikliklər daxil edilməsi üzrə qanun layihəsini müzakirə edəcəklər.