Aprelin 29-da Almaniyanın paytaxtında Avropa Azərbaycanlıları Konqresinin dördüncü Qurultayı keçiriləcək. Bu barədə çərşənbə günü Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qurultayda Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanları seçiləcək, həmçinin bir sıra sənədlər, o cümlədən Konqresin Qətnaməsi qəbul ediləcək, “Avropa Azərbaycanlıları Konqresi Fəxri Prezidentlərinin Məşvərət Şurası” yaradılacaq, yeni üzv-təşkilatların qəbulu planlaşdırılır.
Bundan başqa, qurultay çərçivəsində Azərbaycan haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılmasının yeni üsul və texnologiyaları müzakirə ediləcək.
Qurultayda AAK prezidenti Başar Kömürün ötən qurultaydan keçən müddət ərzində görülən işlərə dair hesabat məruzəsi dinləniləcək, “Gücümüz birliyimizdədir” sənədli film nümayiş etdiriləcək, III Qurultayın yekunlarına həsr edilən kitabın təqdimatı keçiriləcək.
Avropa Azərbaycanlıları Konqresi 2004-cü il aprelin 4-də Berlində təsis edilib.