Azərbaycan Beynəlxalq Bankı (ABB) pensiyaçılara yeni plastik kartların verilməsi prosesini sürətləndirir. Bu barədə bankdan məlumat verilib.
“ABB tərəfindən yeni pensiya kartlarının verilməsi prosesi yüksək səviyyədə təşkil olunub. Belə ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan pensiyaçılara qəsəbədəki Mədəniyyət Evində, Zabratda bələdiyyənin binasında, Sabunçuda “Azərenerji” ASC-nin Mədəniyyət Evində, Bakıxanov qəsəbəsində isə bank tərəfindən icarə olunan Fətəliyev 13 ünvanında yerləşən binada verilir”, - deyə məlumatda qeyd edilir.
ABB-nin Sabunçu filialı tərəfindən 9 minə yaxın yeni kart veriləcək. Bu proses gücləndirilmiş rejimdə həyata keçirilir və yaxın bir neçə gün ərzində başa çatacaq.
ABB-nin Sumqayıt filialı kartların verilməsi ilə bağlı gücə-gündüz rejimində işləyir.
“Bankın digər filiallarında da yeni pensiya kartlarının verilməsi gücləndirilmiş rejimində həyata keçirilir”, - deyə məlumatda vurğulanır.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% pay dövlətə, 49,8% - özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.