Azərbaycan hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci Regional Konfransında və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci Sessiyasında iştirak etmək üçün Bakıya gələn Ermənistan nümayəndə heyətinin təhlükəsizliyini tam təmin edib. Bu barədə Ermənistan kənd təsərrüfatı nazirinin müavini Armen Poqosyan cümə axşamı jurnalistlərə məlumat verib.
Cümə axşamı Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə iki günlük 28-ci Regional Konfransı öz işinə başlayıb.
“Bakıya səfər çərçivəsində Azərbaycan höküməti bizim tam təhlükəsizliyimizi təmin edib”, - deyə A.Poqosyan bildirib.
Onun sözlərinə görə, konfransda erməni nümayəndə heyəti digər ölkələrin nümayəndləri ilə ərzaq təhlükəsizliyi məsələlərinin müzakirəsini planlaşdırır.
Nazir müavini Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında yanğınlar törədilməsi sualını şərh etməyib.
Xəbər veildiyi kimi, Bakıda keçirilən konfransda 2050-ci ilə qədər regionda ərzaq təhlükəsizliyinin təminatı siyasəti məsələləri müzakirə ediləcək. Bundan başqa, 2010-2011-ci illərdə təşkilatın İş planı və büdcəsinin reallaşdırılmasının yekunları, 2012-2013-cü illərə İş planı və büdcə proqramı müzakirə ediləcək.