ABŞ-ın Ticarət və İnkişaf Agentliyi Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması üçün texniki yardım göstərəcək.
Dövlət Mülki Aviasiya Administrasiyası ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında birbaşa hava əlaqəsinin yaradılması üçün texniki yardımın göstərilməsini nəzərdə tutan qrant sazişi aprelin 18-də Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının III iclası çərçivəsində imzalanıb. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
İclas çərçivəsində tərəflər informasiya və kommunikasiya texnologiyaları və müəllif hüquqlarının qorunması təcrübə mübadiləsinin aparılması üzrə razılıq əldə ediblər.
Dövlət katibi müavininin köməkçisi Villiam Kraft Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün ABŞ tərəfindən dəstəkləndiyini bəyan edərək ölkəsinin Azərbaycana həm texniki, həm də digər məsələlərdə köməklik göstərəcəyini vurğulayıb.
ABŞ-ın energetika nazirinin müavini Patrisia Hoffman bildirib ki, Azərbaycan regionda əsas enerji ixracatçısıdır və ABŞ qlobal enerji infrastrukturlarının qorunması ilə bağlı xüsusi proqram çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. “Azərbaycanda olan qlobal enerji infrastrukturlarının zəlzələdən, mümkün terrorçuluq fəaliyyətlərindən və digər bu kimi hallardan daha peşəkar səviyyədə qorunmasına ehtiyac var. ABŞ bu sahədə öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Çünki Azərbaycanın təhlükəsiz bir şəkildə Avropaya neft və qaz nəql etməsi hər iki ölkənin ortaq məqsədidir”, - deyə o qeyd edib.
İclasda bildirilib ki, 2011-ci ildə Azərbaycan və ABŞ arasında qarşılıqlı əmtəə dövriyyəsinin həcmi $2,4 mlrd. təşkil edib.