Hazırda “Hökumət Ödənişləri Portalı” vasitəsilə vergi daxil olmaqla 90 növ ödəniş həyata keçirmək mümkündür. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
“Hökumət Ödənişləri Portalı” Mərkəzi Bank nəzdində Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) bazasında yaradılıb.
“Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərləri, həmçinin Abşeron və Xaçmaz rayonları üzrə vergi ödəyiciləri haqqında məlumat sistemin mərkəzi informasiya bazasına yüklənib. Bu şəhər və rayonlarda vergi ödəyiciləri 40 bankın və “Azərpoçt” MMC-nin 1200-ə yaxın ödəniş məntəqəsində eyni zamanda KÖMİS-in internet səhifəsində (www.apus.az) və həmçinin Vergilər Nazirliyinin (www.taxes.gov.az) saytında ödəniş kartları vasitəsilə yuxarıda qeyd olunan vergi və tədiyə növləri üzrə ödənişlərini apara bilərlər”, - deyə məlumatda qeyd edilir.
İkinci mərhələdə “Hökumət Ödənişləri Portalı” sisteminə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və digər hökumət qurumları inteqrasiya olunacaq.