2012-ci ilin yanvar-mart aylarında Azərbaycanda neft emalı zavodları (NEZ) istehsal həcmini ötən ilin analoji dövrü ilə müqayisədə 1,4% artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, hesabat dövründə birbaşa qovulan benzin istehsalı 22,8% - 50 min tona, ağ neft istehsalı 0,4% - 146,6 min tona, dizel yanacağı istehsalı 1,6% - 564,4 min tona qədər azalıb.
Yanvar-mart aylarında avtomobil benzini istehsalı 3% - 279 min tona, sürtkü yağları istehsalı 17,2% - 15,7 min tona, neft bitumu istehsalı – 53,4% - 57,2 min tona qədər artıb.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.