Azərbaycanın təhsil və sosial sahəyə ayırdığı vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu barədə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Vilnüs şəhərinin meri Arturas Zuokas ilə görüşdə bəyan edib.
“Azərbaycanın yalnız təhsil və sosial sahəyə ayırdığı vəsait Ermənistanın bütün büdcəsindən çoxdur”, - deyə respublikanın Xarici İşlər Nazirliyindən səfirə istinadən bildirilib.
Səfir qeyd edib ki, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi qaçılmazdır.
H.Məmmədzadə Vilnüs merinə onun Litva Seymində rəhbərlik etdiyi siyasi qrupun Azərbaycanı dəstəkləməsinə görə təşəkkür edib.
A.Zuokas xatırladıb ki, 20 il əvvəl jurnalist fəaliyyəti ilə məşğul olarkən Azərbaycanın bir neçə rayonunda, xüsusilə də Qarabağda döyüş zonasında olub.
XİN-in məlumatına görə, H.Məmmədzadə və A.Zuokas gənclər təşkilatları arasında əlaqələrin yaradılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar. Bununla bağlı ortaq layihə ilə çıxış etmək barədə razılıq əldə edilib.