Azərbaycan parlamenti “Psixiatrik yardım haqqında” qanuna İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) səlahiyyətləri artıraraq dəyişikliklər edib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
cümə günü Milli Məclisin keçirilən plenar iclasında düzəlişləri təqdim edərək aydınlaşdırıb ki, qanuna 42.1 maddəsi əlavə edilib. Bu əlavəyə əsasən Ombudsman istənilən vaxt, əvvəlcədən xəbərdarlıq etmədən monitorinq keçirmək məqsədilə hər bir psixiatrik müəssisənin ərazisinə daxil ola bilər.
Ə.Hüseynlinin sözlərinə görə, qanuna əlavələr İnsan hüquqları üzrə müvəkkilə (Ombudsmanə) və Milli Preventiv Qrup üzvlərinə istənilən vaxt, əvvəlcədən xəbərdarlıq etmədən psixiatrik müəssisəyə daxil olmaq, istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, psixiatrik müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək üçün şərait yaradacaq.
Bundan başqa, Ombudsman həmçinin psixiatrik müəssisələrinin rəhbərliyinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququna malikdir.