"Qala Həyat" sığorta şirkəti Azərbaycan İpoteka Fondunun (AİF) sığorta agenti olub. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə fonddan məlumat verilib.
“Qala Həyat” şirkəti AİF-in 20-ci müvəkkil sığorta təşkilatıdır.
"Qala Həyat” ipoteka kreditlərini sığorta edən müvəkkil şirkətlərin siyahısına daxil edilib", - deyə fondun nümayəndəsi bildirib.
“Qala Həyat” (əvvəllər “Qala Sığorta”) sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanı 2008-ci ilin iyul ayında alıb. Şirkətin nizamnamə kapitalı 4 mln. 350,5 min manata bərabərdir. Səhmdarları bir fiziki şəxs Mahmudov Nizami və bir hüquqi şəxs – “AzRe Təkrarsığorta” şirkətidir.
2012-ci ilin I rübündə şirkət tərəfindən sığorta haqlarının yığımı 1 mln. 525,569 min manat, ödənişlər 13,497 min manat təşkil edib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 27 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği illik faiz dərəcəsi 4%-dən çox olmamaqla 35 min manat təşkil edir.
2011-ci ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşdirilməsinin həcmi 95,54 mln. manat təşkil edib.