Aprelin 24-də Bakıda Rusiyanın Kurqan vilayətinin və Azərbaycanın iş adamları arasında işgüzar görüş keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında məlumat verilir.
Görüş Rusiyanın Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçiriləcək.
Tədbirdə metal konstruksiyaları, nasos avadanlığı, boru kəmərləri üçün armatura, yol tikintisi və kommunal texnikası, yanğınsöndürən texnika, orta və kiçik tutumlu avtobuslar istehsal edən şirkətlərin, İlizarov adına Travmatoloji Mərkəzin və Kurqanın digər müəssisələrinin nümayəndələri iştirak edəcəklər.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.