Mədəniyyət və Turizm Nazirliyi bu il məşhur Azərbaycan və sovet müğənnisi, musiqiçi və bəstəkar, SSRİ xalq artisti Müslim Maqomayevin 70 illik yubileyi çərçivəsində xatirə tədbirlərin keçirilməsinə başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Böyük baritonun 70 illiyinə Dövlət film Fondu 40 il öncə rejissor Tofiq İsmayılov tərəfindən çəkilən “Oxuyur Müslim Maqomayev” filmini bərpa edib. Aprelin 24-də Nizami Kino Mərkəzində bərpa edilən filmin ekranlara çıxmasının 40 illiyinə həsr olunan xatirə gecəsində bu kinolent təqdim ediləcək.
Musiqili-bədii gecə foto sərgi ilə müşayiət ediləcək.
Gecəsinin iştirakçıları tamaşaçılarla xatirələrini bölüşəcəklər, M.Maqomayevin ifasında musiqi səslənəcək.
M.Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. O, Kremlin Qurultaylar sarayında 1962-ci ildə Azərbaycan incəsənəti festivalının son konsertində çıxışından sonra məşhurlaşıb. Müğənni 2008-ci il oktyabrın 25-də 67 yaşında vəfat edib. M.Maqomayev müxtəlif beynəlxalq müsabiqələrin laureatı olub, çoxsaylı mükafatlara layiq görülüb.