Azərbaycanın orta məktəblərində təhsil alan 9-11-ci sinif şagirdləri üçün buraxılış imtahanları yalnız iki fənn –ana dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib
“Əvvəllər buraxılış sinifləri 8 fənn üzrə imtahan verirdilər.Biz onların sayını ikiyə salmağa qərar vermişik . İmtahanlar ana dili və riyaziyyat fənlərindən olacaq. Hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və iştirakçılar ana dilindən təqdim edilən mövzu üzrə qısa yazı işini yerinə yetirəcəklər”,- deyə o bazar ertəsi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yazı işləri qiymətləndirilməyəcək ,bu yalnız istisna təşkil edən mübahisəli hallarda ola bilər.M.Abbaszadə qeyd edib ki, hər doğru cavab bir balla qiymətləndiriləcək, düzgün olmayan cavabların sayı heç bir halda toplanmış nəticəyə təsir etməyəcək.Bununla yanaşı, TQDK sədri bildirib ki, imtahanlar tam şəffaf keçiriləcək , “heç bir məktəb direktoru və idarə əməkdaşı imtahanların nəticələrinə təsir göstərə bilməyəcək” . “Bütün dəyişikliklər bu dərs ilinin sonunda tətbiq ediləcək . Təhsilin problemləri ölkə prezidentinin diqqət mərkəzindədir, keçən il 20 min insanın attestat ala bilməməsi və 20 nəfərin saxta diplom alması faktını dövlət başçısı sosial fəlakət kimi qiymətləndirib”,- deyə TQDK sədri əlavə edib.
Vahid dövlət imtahanının tətbiq edilməsi barədə sualı cavablandırarkən M.Abbaszadə söyləyib ki, bu suala yalnız TQDK-nin keçirəcəyi buraxılış imtahanlarının ilkin nəticələri məlum olandan sonra cavab vermək olar.