İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla əməkdaşlığın möhkəmlənməsinin vacibliyini qeyd edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti bazar ertəsi məlumat verib.
A. Liberman Azərbaycanın iqtisadi inkişafının göz önündə olduğunu qeyd edib. O vurğulayıb ki, İsrail Azərbaycanı BMT Təhlükəsizlik Şurasında görməkdən məmnundur. XİN başçısı iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bakıda keçirilən görüş zamanı iki ölkənin XİN rəhbərləri hamçinin, ikitərəfli əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov həmkarına Dağlıq Qarabağ münaqişəsi və onun sülh yolu ilə həlli prosesi istiqamətində atılan addımlar barədə məlumat verib.