Azərbaycan alternativ və bərpa edilən energetika sahəsinin inkişafı üçün yeni qabaqcıl texnologiyaların tətbiqini planlaşdırır. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev çərşənbə axşamı Bakıda keçirilən alternativ və bərpa edilən enerji mənbələri üzrə beynəlxalq konfransda bəyan edib.
“Son 20 il ərzində Azərbaycanda neft hasilatı 5,2 dəfə, qaz hasilatı – 6 dəfə artıb. Bu isə ölkəyə şəxsi enerji təhlükəsizliyini təmin etməyə imkan verib. Ancaq nəzərə alaraq ki, karbohidrogen resursları tükənməz deyil, Azərbaycana artıq indi gələcək barədə düşünmək və alternativ energetikanı inkişaf etdirmək lazımdır”, - deyə N.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, respublikada külək, günəş, hidroenerji, həmçinin isti bulaqlar və biosistemlərin quraşdırılması hesabına elektrik enerjisinin istehsalının inkişafı üçün yaxşı potensial mövcuddur.
“Hazırda 13 mln. avro məbləğində Avropa İttifaqının qrantı hesabına alternativ energetika sahəsində Azərbaycan qanunvericiliyinin Avropaya unifikasiyası üzrə iş aparılır. Həmçinin bu gün bizim qarşımızda beynəlxalq təcrübəni öyrənmək və Azərbaycanda bu sahədə yeni qabaqcıl texnologiyaları tətbiq etmək məsələsi durur. Bizim məqsədimiz - alternativ və bərpa edilən mənbələrin hesabına elektrik enerjisinin istehsalını 20%-ə qədər çatdırmaqdır”, - deyə nazir vurğulayıb.
Nazir əlavə edib ki, hazırda dünyada istehsal edilən elektrik enerjisini 5%-i alternativin payına düşür, lakin ayrı-ayrı ölkələrdə bu göstərici 20-40%-ə çatır.