Azərbaycan və Rusiya Federasiyasının (RF) Kurqan vilayəti ikitərəkli əməkdaşlığın inkişafında maraqlıdır. İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan və Kurqan vilayətinin iş adamlarının işgüzar görüşündə belə deyib.
“Azərbaycan və RF subyektləri arasında münasibətlərin inkişafı mehriban qonşuluq prinsiplərinə əsaslanır.Qarşılıqlı faydalı əməkdaşlığın təşkili üçün Kurqan vilayəti və Azərbaycan arasında böyük potensial mövcuddur”,- deyə nazir müavini söyləyib
Kurqan vilayətinin vitse-qubernatoru Vasili Jarov öz növbəsində qeyd edib ki,vilayət rəhbərliyi və Azərbaycan Hökuməti müxtəlif sahələrdə birgə müəssisələrin yaradılmasında maraqlıdırlar.
“Rusiyada istehsal olunan avtobusların ümumi həcmindən 40 %-i , yanğın əlehinə məhsulların 35 %-i Kurqan vilayətinin payına düşür. Düşünürəm ki, bizim polad konstruksiya məhsullarımız azərbaycanlı iş adamlarının marağına səbəb ola bilər. Kurqan boru - prokat zavodu (“İKAR” ASC) öz məhsullarını Azərbaycana çatdırmağa hazırdır”,- deyə V.Jarov bildirib.
Vitse-prezident vilayət rəhbərliyinin Kurqan vilayətində biznesin inkişafında azərbaycanlı biznesmenlərə kömək etməyə hazır olduğunu qeyd edərək, Azərbaycanın iş adamlarını əməkdaşlığa dəvət edib.
“Bundan başqa, biz vilayətin illik ümumi 800 min ton tələbatına qarşı ildə 3 mln. ton taxıl istehsal edirik. 2011-ci ildə Kurqan vilayətindən Azərbaycan bazarına 20 min ton taxıl göndərilib. Bu çox aşağı göstəricidir və biz onu yüksəltmək niyyətindəyik”,- deyə o əlavə edib.
V.Jarov həmçinin, qeyd edib ki, bir sıra sənədlərin imzalanması üçün Azərbaycan nümayəndə heyətinin Kurqan vilayətinə səfəri gözlənilir
İşgüzar görüşdə maşınqayırma, səhiyyə, tikinti, sənaye, maliyyə, loqistika və digər sahələrdə fəaliyyət göstərən 86 şirkətin nümayəndələri iştirak edib.