Mayın 17-dən 19-dək Bakıda Heydər Əliyev Fondu ilə birgə , Müasir İncəsənət Muzeyi, Qız qalası Rəsm Qalereyası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan “Qız qalası” III Beynəlxalq İncəsənət Festivalı keçiriləcək.Bu barədə Fondun məlumatında bildirilir.
Bu il festivalda 18 ölkədən tanınmış rəssamlar iştirak edəcəklər. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərəklər.
Bu il ilk dəfə olaraq İDEA ekoloji kampaniyası çərçivəsində, nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə(bəbir,qartal, ayı, canavar və ceyran) diqqəti cəlb etmək məqsədi ilə ceyran maketləri hazırlanacaqdır . Bu il festivalın digər fərqləndirici cəhəti Qız qalası üzərində video-mapping texnologiyasının təqdim edilməsi olacaq
Festivalın bağlanış mərasimində Qız qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradılacaq. Görüntülərin yaradılmasında müasir post-prodakşn video texnologiyalarından istifadə olunacaq. Qız qalası səthinin 360º görüntülərlə əhatə edilməsi məqsədi ilə abidənin üzərinə 7 müxtəlif nöqtədən 30 proyektor vasitəsi ilə proyeksiyalar salınacaq.Şəhərimizin sakinləri və qonaqları bu rəngarəng görüntüləri mayın 29-dək izləmək imkanına malik olacaqlar.
İndiyədək “Qız qalası” Beynəlxalq İncəsənət Festivalında dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak edib.. Layihə çərçivəsində hazırlanmış unikal müəllif işləri artıq Fransa və İtaliyada nümayiş etdirilərək ictimaiyyətə təqdim olunub.