2012-ci ilin I rübündə Lənkəran rayonunda 42,5 mln. manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,2% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin regional müxbiri rayon İcra Hakimiyyətinin hesabatına əsasən xəbər verir.
Hesabat dövründə rayonun istehsal və qeyri-istehsal sahələrinə investisiya qoyuluşları 8,7 mln. manat təşkil edib.
I rüb ərzində rayonda 1384 ton ət, 6804 ton süd, 3,6 mln. ədəd yumurta, 15 ton balıq istehsal edilib. Rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi 7,1 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin I rübünün göstəricisindən 3,1% çoxdur.
2012-ci ilin I rübündə 708 ailəyə ünvanlı sosial yardım ayrılıb.
Həmin dövrdə 267-si daimi olmaqla 377 yeni iş yeri açılıb.
İcra Hakimiyyətində keçirilən müşavirədə dağlıq kəndlərdə müəllim və həkim çatışmazlığı qeyd edilib.