Zaporojye vilayətinin (Ukrayna) müəssisələri Azərbaycanın iş adamları ilə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında məlumat verilir.
Məlumata əsasən, Zaporojye vilayətinin 32 müəssisəsi azərbaycanlı iş adamları ilə işgüzar əməkdaşlıqda maraqlıdır. Ukrayna şirkətləri ticarət-kommersiya, ağır və yüngül sənaye, elektronika, cihazqayırma, yeyinti sənayesi və qida məhsullarının emalı sahəsində əməkdaşlıq təklif edir.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.