Rusiya anlamalıdır ki, Cənubi Qafqazda yeganə strateji tərəfdaşı kimi Ermənistana arxayın olması Rusiyanın regionda maraqlarına ziyan vurur. Azərbaycanlı politoloq Fikrət Sadıqov belə hesab edir.
“Azərbaycan Rusiyanı inandırmalıdır ki, onun Cənubi Qafqazda prioritetlərini dəyişməsi yalnız Rusiya tərəfinin xeyrinə olacaq”, - deyə F.Sadıqov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Politoloqun fikrincə, yaranmış geosiyasi vəziyyətdə Ermənistan Rusiya tərəfi üçün öz əvvəlki cazibədarlığını itirib. “Rusiyanın Ermənistanı əməliyyat meydanı, ön mövqeyi, Cənubi Qafqazda müttəfiqi kimi kortəbii dəstəkləməsi artıq ixtiyarsız olaraq, Rusiyanın özünə ziyan vuraraq baş verir. Azərbaycan bu stereotipləri qırmalı, daha aktiv hərəkət etməlidir. Yəni Rusiya ilə ikitərəfli münasibətləri möhkəmlədərək, onu aksentlərin dəyişməsinə ehtiyac olduğuna inandırmalıdır”, - deyə o vurğulayıb.
F.Sadıqov qeyd edib ki, rəsmi Bakı Rusiyanı bir sıra birgə strateji təşəbbüslə maraqlandıra bilər, beynəlxalq səhnədə ikitərəfli hərbi-texniki əməkdaşlığı və qarşılıqlı qarşılıqlı əlaqəni möhkəmlədə bilər. “Lakin, bütün bunlar hansısa bir bəyanat, birtərəfli razılıq, Rusiyaya tərəfə reveranslar əsasında deyil, müəyyən məsələlərin icrası, diplomatik addımlar şərti ilə baş verməlidir”, - deyə ekspert vurğulayıb.
Bununla yanaşı, politoloq Rusiyanın Cənubi Qafqazda öz prioritetlərini tez zamanda dəyişməsini şübhəli olduğunu hesab edir. “Rusiyanın siyasi elitası çoxdan və dərindən erməni maraqları ilə sıx bağlıdır. Rusiya siyasi elitasının bu psixoloji ehkamı və mühafizəkar əsasları sındırmaq çox ağırdır. Buna görə, Azərbaycan yalnız Rusiyaya müraciətlərlə heç nəyə nail olmayacaq. Rəsmi Bakı məhz Azərbaycanın daha çox əlverişli və rahat tərəfdaş ola biləcəyində Rusiyanı maraqlandırmaq üçün lazımolan hər şey etməlidir”, - deyə F.Sadıqov qeyd edib.