ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək göstərməlidir. Bu barədə Amerikalı politoloq Ariel Koen iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi mövzusunda Vaşinqtonda keçirilən konfransda çıxış edərək bəyan edib.
A.Koen qeyd edib ki, ABŞ digər böyük dövlətlərin də diqqət göstərdiyi, regionun əsas ölkəsi kimi Azərbaycana diqqətini artırmalıdır.
Politoloq həmçinin, Azərbaycanın tezliklə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil ola biləcəyinə əminlik ifadə edib.
Hayfa Universitetinin professoru Brenda Şafer öz növbəsində Dağlıq Qarabağın separatçı rejimə Amerika konqres üzvləri tərəfindən köməyin göstərilməsini dayandırmaq lazım olduğunu bəyan edib.
Təhlükəsizlik sahəsində Amerikalı ekspert Stiven Blank bildirib ki, Qafqazda təhlükəsizliyin təminatı olmadan Avropada təhlükəsizlik haqqında danışmaq olmaz. “ABŞ energetika təhlükəsizliyi məsələsində Azərbaycana ehtiyac duyduğu qədər, Azərbaycan öz təhlükəsizliyinin təminatında ABŞ tərəfindən dəstəyə ehtiyac duyur”, - deyə S.Blank vurğulayıb.
Konfransın digər sessiyası Azərbaycanda dini tolerantlığa həsr edilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, həmçinin respublikanın pravoslav, yəhudi, katolik icmalarının rəhbərləri Amerika konqres üzvlərinə, hazırki və keçmiş qubernatorlara, politoloqlara ölkənin bütün vətəndaşlarının milli və dini mənsubiyyətdən asılı olmayaraq bərabər hüquqlara malik olduqları barədə məlumat veriblər.