Azərbaycan Beynəlxalq Bankı (ABB) Bakı şəhərində pensiyaçılara yeni pensiya kartlarının verilməsi üçün əlavə məntəqələr açmağı planlaşdırır. Bu barədə bankın mətbuat xidmətinin məlumatında bildirilir.
“ABB aprel ayında etibarlılıq müddəti başa çatan plastik pensiya kartlarını yeniləri ilə əvəz etmə prosesinə başlayır.Pensiyaçılara sürətli və asan xidmət göstərmək üçün bankın filialları ilə yanaşı, bu prosesə pensiya kartları vermək üçün əlavə məntəqələr də daxil etdiriləcək. Əlavə məntəqələr paytaxtın Xəzər rayonunun Binə, Mərdəkan, Pirallahı, Buzovna, Zirə, Türkan qəsəbələrində, Suraxanı rayonunun Qaraçuxur, Bulbulə, Hövsan qəsəbələrində açılacaq”,- deyə məlumatda qeyd edilir.
Bankın məlumatına əsasən, 2012-ci ilin mart ayında 43 127 pensiya kartının müddəti başa çatıb. ABB bankın filiallarına mürtaciət etmiş təxminən 37 min nəfər pensiyaçıya yeni kartlar təqdim edib.
Bankın filialları pensiyaçılara həm iş günləri, həm də istirahət günlərində (şənbə və bazar) xidmət göstərir.
ABB 1992-ci ildə yaradılıb, Azərbaycanın ən iri banklarından biridir. Hazırda bankın kapitalından 50,2 % dövlətin, 49,8 % isə özəl səhmdarların payına düşür. ABB – nin səhmdarları 14 hüquqi , 1556 fiziki şəxsdir.