Azərbaycanda istehsal sahəsində bədbəxt hadisələrin sayı artıb.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini icra edən Məhərrəm Məhərov məlumat verib.
“Keçən ilin I rübündə Azərbaycanda istehsal sahəsində 24 bədbəxt hadisə baş vermişdisə, bu ilin müvafiq dövründə 41 belə hadisə baş verib”,- deyə M.Məhərov cümə günü Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-mart aylarında baş verən bədbəxt hadisələr zamanı 10 nəfər həlak olub.Bununla yanaşı, bu dövr ərzində tikinti sektorunda bədbəxt hadisələr nəticəsində həlak olanların sayı keçən illə müqayisədə 10 nəfərdən 3 nəfərə qədər azalıb.
M.Məhərov deyib ki, onun rəhbərlik etdiyi müfəttişlik 2012-ci ilin yanvar –mart aylarında 1412 müəssisədə yoxlamalar aparıb, bunun nəticəsində 4197 qanun pozuntusu aşkarlanıb”
“ Bu yoxlamalar zamanı bizim tərəfimizdən 156,6 min manat gecikdirilmiş ödəmələrin, o cümlədən 140, 3 min manat gecikdirilmiş əmək haqlarının işçilərə verilməsi , işdən qeyri-qanuni azad edilmiş 7 nəfərin əvvəlki işinə bərpası, qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan 506 nəfərlə işəgötürən arasında əmək müqavilələrinin bağlanması təmin edilib”,- deyə o qeyd edib.