“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi (The Prince's School of Traditional Arts) ilə əməkdaşlıq çərçivəsində Tətbiqi Sənətkarlıq Mərkəzi yaradılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İdarədən məlumat verilib.
Strukturlar arasında əlaqələr 2012-ci ilin yanvar ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakıya uçuş: Azərbaycanın müasir incəsənəti” sərgisi zamanı qurulub.
Tərəfdaşlıq münasibətləri əsasında 2012-ci ilin sentyabr ayından fəaliyyətə başlayacaq Mərkəzdə ipək üzərində naxış və qurama, keramika, zərgərlik kimi sənətkarlıq sahələri üzrə müştərək hazırlıq kurslarına başlanılması nəzərdə tutulub. Tədris proqramını bitirən şəxslər öz növbələrində milli-tətbiqi incəsənət sahələrinin yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün Tətbiqi Sənətkarlıq Mərkəzində fəaliyyət göstərərək ənənəvi incəsənət məhsullarının istehsalı və bu sahələrdə tətqiqatlarla məşğul olacaqlar.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hazırlıq kurslarında iştirak etmək istəyən milli-tətbiqi incəsənət sahələrində istedadı və həvəsi olan şəxslərdən ilkin seçim mərhələsi üçün traditionalarts@icherisheher.gov.az email ünvanına tərcümeyi-hallarını və 3 ədəd iş nümunələrinin fotosunu göndərmələrini xahiş edir.