Samux rayonunun Mərkəzi xəstəxanası akademik Zərifə Əliyevanın şərəfinə adlandırıla bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosundan məlumat verilib.
“Z.Əliyevanın göz xəstəlikləri və bütovlükdə respublikanın səhiyyə sahəsində xidmətləri böyükdür, o bizim gənclərimiz üçün nümunədir”, - deyə rayonun İcra hakimiyyətinin rəhbəri Alı Qocayev akademikin anadan olmasının 89 illiyinə həsr edilən tədbirdə çıxış edərək bildirib.
Tədbir zamanı xəstəxananın əməkdaşları müəssisəyə Z.Əliyevanın adını verməyi və həyətdə akademikin büstünü qoymaq təşəbbüsü ilə çıxış ediblər.
Akademikin 89 illiyi şərəfinə həmçinin rayonda ağacların əkilməsi üzrə aksiya keçirilib. Beləliklə, 5 hektar ərazidə 5 mindən artıq Eldar şamı əkilib. Aksiya Heydər Əliyev parkında çiçək kollarının əkilməsi ilə davam edib.