Dövlət Neft Fondundan (ARDNF) 2003-cü ildən etibarən 2012-ci il aprelin 1-nə qədər dövlət büdcəsinə transfertlərin ümumi həcmi 27 mlrd. 19,8 mln. manat təşkil edib. Bu barədə Fonddan məlumat verilib.
Bundan başqa, 2012-ci il aprelin 1-nə olan vəziyyətə görə, Bakı-Tiflis- Qars dəmir yolunun tikintisi layihəsinə – 227,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidənqurulmasına - 716,3 mln. manat vəsait ayrılıb.
ARDNF-in məlumatına görə, fondun büdcəsindən indiyə qədər qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 906,5 mln. manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə - 38,5 mln. manat vəsait yönəldilib.
Xəbər verildiyi kimi, ARDNF 1999-cu ildə dekabrın 29-da Azərbaycan Prezidentinin fərmanı ilə yaradılıb. Fond qeyri-büdcə, dövlət başçısına hesabat verməli olan dövlət institutudur. Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. daxil olan gəlirlər toplanır.