Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Bolqarıstanın kənd təsərrüfatı və ərzaq naziri Miroslav Naydyonov görüş zamanı ASK sahəsində iki hökümətlərarası sazişin imzalanma prosesini sürətləndirilməsi barədə razılığa gəliblər. Bu barədə nazirlikdən məlumat verilib.
Xüsusilə, “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş” və “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş”lərin imzalanması planlaşdırılır.
İ.Abasov bolqar həmkarına aşağıdakı sahələrdə əməkdaşlıq təkli edib:
- süd məhsullarının, xüsusilə də pendir istehsalı və emalı sahəsində texnologiyalar və təcrübə mübadiləsi;
- müxtəlif kənd təsərrüfatı bitkilərinin (meyvə, tərəvəz, yem və s.) genetik materiallarının mübadiləsi;
- üzümçülük və şərabçılıq sahəsində əməkdaşlıq: xəstəlik və ziyanvericilərə davamlı, məhsuldar meyvə və üzüm tinglərinin istehsalı üzrə əməkdaşlıq;
- heyvanların cins tərkibinin yaxşılaşdırılması və damazlıq işinin təşkili üzrə Bolqarıstan təcrübəsinin öyrənilməsi;
- baramaçılıq sahəsində elmi əməkdaşlıq əlaqələrinin davam etdirilməsi;
- Dərman Preparatlarının Istehsalı üzrə Eksperimental Laboratoriyanın bazasında baytarlıq preparatları üzrə birgə istehsal müəssisəsinin yaradılması;
- baytarlıq elminin inkişaf etdirilməsi istiqamətində elmi-tədqiqatların aparılması və kadr hazırlığı sahəsində əməkdaşlıq;
- kənd təsərrüfatı sahəsində iri kooperasiyaların təşkili və idarə edilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi.
İ.Abasov qeyd edib ki, 2011-ci ildə Bolqarıstandan Azərbaycana $3 mln. 336,64 min məbləğində müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edilib, xüsusilə süd məhsulları, quş yumurtası, təbii bal, tütün və tütün əvəzediciləri, undan hazırlanmış qənnadı və müxtəlif ərzaq məhsulları.
M.Naydyanov iki olkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsigəməyəcəyinə söz verib.