Leopold və Mstislav Rostropoviçlərin Bakıdakı ev-muzeyində görkəmli musiqiçi-violonçelist Mstislav Rostropoviçin vəfatının beşinci ildönümü ilə əlaqədar “Dahi musiqiçi və xeyriyyəçi” adlı xatirə gecəsi keçirilib.
Diplomatik missiyaların nümayəndələrin, görkəmli incəsənət xadimlərin iştirak etdiyi gecə bir dəqiqəlik sükutla başlayıb. Sonra evdə-muzeyinin direktoru Şeyla Heydərova Bakıda anadan olan böyük violonçelist haqqında, onun dünyada, həmçinin Azərbaycanda xeyriyyə fəaliyyətibarədə xatirələrlə bölüşüb.
M.Rostropoviç haqqında xatirələrlə çıxışdan sonra əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova Rostropoviçin iki yaxın dostu olan görkəmli bəstəkarlar Qara Qarayevin (“Müqəddimə” və “Eskiz”) və Soltan Hacıbəyovun (“Adajio”) əsərlərini ifa edib. Sonra Beynəlxalq müsabiqələrin laureatı, BMA-nın tələbəsi Ümidə Abbasova Mosartın sol-major konsertinin birinci hissəsini ifa edib.
Həmçinin gecənin iştirakçılarına ev-muzeyin fondundan unikal eksponatlardan ibarət sərgi təqdim edilib. Xüsusilə, Rostropoviçin Azərbaycan simfonik orkestri üçün müasir alətlərin alınması məqsədi ilə müxtəlif yüksək instansiyalara ünvanladığı məktublarının əlyazmaları, “Vişnyevskaya-Rostropoviç” fondunun fəaliyyətini əks etdirən bukletlər, Rostropoviçin qaçqınların düşərgələrinə baş çəkdiyini əks etdirən şəkillər.
Gecənin sonunda rejissor Tamilla Aşumovanın “Ustad dərsləri” filmi nümayiş etdirilib.