Milli Məclisin çərşənbə axşamına planlaşdırılan növbəti plenar iclasının gündəliyinə bir- neçə qanun layihəsinin , o cümlədən ”Şuşa şəhərinin işğalının 20 illiyi haqqında” məsələnin müzakirələri daxil edilib.
“İnterfaks –Azərbaycan”agentliyinə Milli Məclisdən xəbər verildiyi kimi, Parlament “Şuşa şəhərinin işğalının 20 illiyi haqqında” sənədlə yanaşı, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mühasibat uçotu haqqında” “Vergi Məcəlləsi” və “Mülki Prosessual Məcəllə” qanunlarına dəyişikliklər edilməsi barədə müzakirələri də planlaşdırır.
Bundan başqa, iclasın gündəliyinə əsasən ,Milli Məclis ““Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxaracaq.
Dağlıq Qarabağda yerləşən Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğal edilib
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.