Varşavada azərbaycanlı rəssam Həmid İbadullaevin işlərindən ibarət sərgi keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Polşada səfirliyindən məlumat verilib.
Tədbir Varşavanın Stara Prochovnia Qalereyasında “Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin sədri Şəhla Kazımovanın təşəbbüsü ilə keçirilir.
Sərginin açılış mərasimində Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, həmçinin diaspora nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Azərbaycan və Polşa diplomatik əlaqələrinin qurulmasının 20 illiyi ilə əlaqədar sərginin təşkilini yüksək qiymətləndirib.
Sərgi mayın 28-dək davam edəcək.