Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamenti 2012-ci ilin aprel ayında vergi cinayətləri faktları üzrə 15 cinayət işi qaldırıb.Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir. Bununla yanaşı, 15 cinayət işindən 11-i iş adamları tərəfindən külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı ilə bağlı olub.
Araşdırmalar zamanı müəyyən edilib ki, “Araz-Tikinti Servis” MMC 90 min manat, “Cınqıl İnsaat” -133 min 360,47 manat, “Cahangir” MMC - 70 min 220,3 manat məbləğində vergini dövlət büdcəsindən yayındırıb. Bu müəssisələr əsasən ƏDV, mənfəət vergisi və mənbədən tutulan vergini gizlədiblər.
Bundan başqa, “Cahangir” şirkəti müvafiq lisenziyaya malik olmadan dağ-mədən işləri ilə məşğul olub və 43 mln 339,69 manat məbləğində qeyri-qanuni gəlir əldə edib.
Departament həmçinin, “Ulutürk”, “YK İnşaatçı”, “Samur-Abşeronsutikinti” şirkətləri tərəfindən külli miqdarda vergi gizlədilməsi faktlarını aşkar edib.
Departament bütün faktlar üzrə Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2 maddəsi üzrə cinayət işi qaldırıb.
Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamenti 2000-ci il mayın 29-da yaradılıb. 2000-ci il avqustun 30-dan Departament fəaliyyət göstərməyə başlayıb.