Azərbaycanın BMT Təhlükəsizlik Şurasına hazırki sədrliyi çətin ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı təşəbbüslərin bu strukturda müzakirə edilməsinə nail olmağa imkan verəcək. Azərbaycanlı politoloq Fərhad Mehdiyev belə hesab edir.
“Əgər Dağlıq Qarabağ məsələsi yenidən səsverməyə çıxarılarsa, Rusiya və Fransa BMT TŞ-nin daimi üzvləri kimi dərhal bəyan edəcək ki, Qarabağ məsələsi ilə ATƏT-in Minsk qrupu məşğul olur və onu BMT-ya çıxartmaq yersizdir. Moskva və Paris birinci olaraq veto qoyacaq”, - deyə o “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bununla yanaşı, F.Mehdiyev xatırladıb ki, son illər ərzində Rusiya və Fransa dəfələrlə BMT Baş assambleyasında Dağlıq Qarabağ üzrə Azərbaycanın təşəbbüslərinin əleyhinə səs verib. “Rusiya və Fransa hər zaman Dağlıq Qarabağ probleminin Minsk qrupunun müstəsna hüququ olduğuna istinad edərək bu təşəbbüslərin əleyhinə səs verib. Ona görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında BMT Təhlükəsizlik Şurasında sədrlik statusu az effektlidir”, - deyə politoloq qeyd edib.
Bununla yanaşı, F.Mehdiyev vurğulayıb ki, BMT TŞ-nin qeyri-daimi üzvü və xüsusilə sədrlik statusu bu təşkilatda Azərbaycanın beynəlxalq imicini möhkəmləndirəcək.
2011-ci ilin oktyabrında Azərbaycan 2012-2013-cü illər üçün BMT TŞ-ya qeyri-daimi üzv seçilib. 2012-ci ilin may ayı ərzində Azərbaycan bu strukturda sədrlik edəcək.