Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) 2012-ci ilin sonu 2013-cü ilin əvvəlində Azərbaycanın maliyyə sektorunun II qiymətləndirilməsini keçirməyi planlaşdırır. Bu barədə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi çərşənbə günü mətbuat konfransında bəyan edib.
“Bu cür qiymətləndirmə Azərbaycanın maliyyə sektorunun dərin təhlilini aparmağa imkan verəcək. Bundan başqa, bu qiymətləndirmə çərçivəsində əldə edilən nəticələr bu sahədə islahatların aparılması üçün yaxçı baza olacaq”, - deyə N.İlahi bildirib.
Onun sözlərinə görə, Azərbaycanın maliyyə sektorunun II qiymətləndirilməsini 2012-ci ilin sonu və ya 2013-cü ilin əvvəlində keçirmək planlaşdırılır.
N.İlahi əlavə edib ki. 2012-ci ilin dördüncü rübündə missiya Fondun nizamnaməsinin IV maddəsi üzrə Azərbaycan iqtisadiyyatının illik icmalını keçirmək üçün Bakıya səfər edəcək.
BVF və DB 2003-cü ildə Azərbaycanın maliyyə sektorunun birinci qiymətləndirilməsini keçiriblər.
Xəbər verildiyi kimi, BVF cari ildə maliyyə sektorunun qiymətləndirilməsini keçirmək üçün 18 ölkə seçib. Xüsusilə, cari ildə maliyyə sektorunun qiymətləndirilməsi aşağıdakı ölkələrdə: Avstraliya, Azərbaycan, Argentina, Ermənistan, Baham adaları, Belçika, Braziliya, İspaniya, Kolumbiya, Kosovo, Malayziya, BƏƏ, Sloveniya, Tunis, Uruqvay, Fransa, Şri-Lanka və Yaponiyada keçiriləcək.
BVF Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı bütün ölkələrdə üç əsas komponenti qiymətləndirir: bankların və başqa maliyyə təşkilatlarının, həmçinin stress-testlər vasitəsi ilə dayanıqlığı; bank, sığorta nəzarətinin və maliyyə bazarına nəzarətin keyfiyyəti; nəzarət və direktiv orqanlarının, həmçinin maliyyə müdafiə sistemlərinin böhran vəziyyətində təsirli reaksiya vermək qabiliyyətini.
BVF missiyası Azərbaycan höküməti ilə makroiqtisadi vəziyyət üzrə məsləhətləşmələr aparmaq məqsədi ilə aprelin 24-dən Bakıdadır. Missiya işini mayın 2-də başa çatdırır.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.
Ümumilikdə, əməkdaşlıq dövrü ərzində Azərbaycan BVF ilə iqtisadi islahatların keçirilməsində əməkdaşlıq üzrə 6 müxtəlif proqramların reallaşmasına $577,3 mln. ümumi məbləğdə kredit cəlb edib. Azərbaycan hökümətinin Beynəlxalq Valyuta Fondundan aldığı kredit üzrə borcları 2012-ci il yanvarın 1-nə $28,8 mln. təşkil edir.