Milli Məclisin spikeri Oqtay Əsədovun cari ilin mayın 4-dən 8-dək Səudiyyə Ərəbistanına səfəri zamanı ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə ediləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə respublikanın qanunverici orqanından məlumat verilib.
Spiker Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti Səudiyyə Ərəbistanın rəhbərliyi ilə görüşü zamanı parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Azərbaycan nümayəndə heyətinin səfəri zamanı Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Şeyxlə və ölkənin digər rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək, Ciddə və Mədinə şəhərlərində olacaq, buradakı müqəddəs yerləri ziyarət edəcəklər.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Sahibə Qafarova, İmamverdi İsmayılov, Çingiz Əsədullayev, Aydın Mirzəzadə, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.