2012-ci ilin aprel ayında Azərbaycanda deflyasiya 0,4% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Aprel ayında ərzaq mallarının və xidmətlərin qiymətləri 0,9% ucuzlaşıb, qeyri-ərzaq malları və xidmətlərin qiymətləri isə dəyişməyib.
Hesabat ayında unun, manna və qarabaşaq yarmalarının, vermişel və makaronun, çörəyin, mal ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, günəbaxan və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, almanın, armudun, şabalıdın, qoz və fındığın, göyərtinin, pomidor və xiyarın, sarımsağın, göbələyin, soğanın, kartofun qiyməti ucuzlaşıb.
Aprel ayında qoyun ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, qarğıdalı yağının, naringinin, bananın, kələmin, çuğundurun, kökün qiymətlərində bahalaşma müşahidə olunub.
2011-ci ildə Azərbaycanda orta illik inflyasiya 7,9% təşkil edib.
Azərbaycan hökuməti 2012-ci ildə orta illik inflyasiyanı 6%-dək səviyyədə proqnozlaşdırır.