Azərbaycanda peşəkar risk-menecerlər assosiasiyası (ARPA) sığorta məsələləri üzrə Ekspert qrupun yaradılmasının təşəbbüskarı olub. Bu barədə ARPA-nın məlumatında bildirilir.
Ekspert qrupun tərkibinə sığorta şirkətləri, Maliyyə Nazirliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri daxildir.
Assosiasiyanın məlumatına görə, mayın 3-də ARPA-nın sığorta şirkətlərinin nümayəndələri ilə ilk görüşü keçirilib. Burada bu qrupun yaradılması barədə qərar qəbul edilib. Görüşdə “Əmrah Sığorta”, “Başak İnam”, “Qala Sığorta”, “Atəşgah”, “AzSığorta”, “AtaSığorta”, “Аzərbaycan sənaye sığorta”, “Bakı Sığorta”, “Standard İnsurance”, “Rəvan Sığorta” və “Bеynəlxalq sığorta şirkəti”nin nümayəndələri iştirak edib.
İclas çərçivəsində Azərbaycanın sığorta bazarında mühüm rol oynayan aktuar hesablamalar və anderraytinq ilə bağlı aktual məsələlər müzakirə edilib. İştirakçılar qeyd ediblər ki, ölkənin sığorta bazarında müəyyən problemlər mövcuddur. Buna əsaslanaraq, Ekspert qrupun iclası rübdə bir dəfə keçiriləcək.
Məlumatda qeyd edilir ki, öncə ARPA-nın təşəbbüsü ilə bank sektoru və risk-menecmentin nümayəndələrindən ibarət Ekspert qrupu yaradılıb.
ARPA-nın yaradılmasında məqsəd ölkənin maliyyə sektorunda risklərin azalmasına yardım etməkdir. Assosiasiya Mərkəzi Bank, Qlobal peşəkar risk-menecerlər assosiasiyası (GARP) və İFC ilə əməkdaşlıq edir.