Azərbaycanın qərbində Gədəbəy rayonunun elektron turizm xəritəsi hazırlanır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
“Bu il Gədəbəy “Əfsanələr paytaxtı” elan edilib və bununla əlaqədar bütün rayonun elektron turizm xəritəsinin hazırlanır”, - deyə regional büroya rayonun mədəniyyət və turizm şöbəsinin rəhbəri Fazilə Məmmədova bildirib.
Onun sözlərinə görə, xəritə üzərində Azərbaycan Turizm İnstitutu həmçinin Almaniyanın YADE Universitetinin mütəxəssislər çalışır. Xəritə hazırlandıqdan sonra İnternet vasitəsi ilə regionun görməli yerləri ilə daha yaxından tanış olmaq mümkün olacaq.
“Həmçinin “Əfsanələr paytaxtı” loqotipi ilə stend və bannerlərin hazırlanması işi aparılır”, - deyə şöbə rəhbəri qeyd edib ki, yeni statusla əlaqədar bu il rayonda müxtəlif elmi-praktiki konfransların, konsertlərin, sərgilərin, müsabiqələrin və s. keçirilməsi planlaşdırılır.
F.Məmmədova məlumat verib ki, regionun ərazisində müxtəlif illərin 130-dan artıq tarixi abidələri yerləşir.