Azərbaycan Ombudsmanı Elmira Süleymanova beynəlxalq təşkilatları Azərbaycana qarşı aparılan erməni təcavüzünə son qoyulması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönməsi istiqamətində səylərini artırmağa çağırıb. Bu barədə cümə günü Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
“Ermənilər zəbt olunmuş Azərbaycan ərazilərində soydaşlarımızın qəbirlərini sökür, mərmər daşları, qəbirüstü abidələri qarət edirlər. Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris Konvensiyasının müddəalarını kobudcasına pozan Ermənistan Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur”, - deyə bəyanatda vurğulanır.
Bundan başqa, BMT-nin Baş Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Təhlükəsizlik Şurasına, YUNESKO-nun Baş Direktoruna, bir sıra beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanan bəyanatda Şuşa şəhərinin işğal olunmasından 20 il keçdiyi, işğaldan öncə 289 kvadrat kilometr ərazisi olan bu şəhərdə 24,9 min nəfər əhalinin yaşadığı qeyd edilir.